Balinaların kütləvi ölümünün səbəbi qağayılar ola bilər? - ARAŞDIRMA

 10:36 22.10.2026     65

Argentinanın sahil sularında iyun ayından bəri 300-dən çox cənub hamar balinasının balası tələf olub. Alimlər bu kütləvi ölüm hallarının səbəblərindən biri kimi qağayıların fəaliyyətini göstərirlər.

Redaktor.az xəbər verir ki, bu barədə “Live Science” nəşri məlumat yayıb.

Dəniz Sistemlərinin Tədqiqi Mərkəzinin (CESIMAR) tədqiqatçısı Karla Fioritonun sözlərinə görə, balinaların balalarının ölümünə dəri infeksiyası səbəb olub. Tələf olan heyvanların cəsədlərində infeksiyaya səbəb olan Erysipelothrix rhusiopathiae bakteriyası aşkarlanıb.

Maraqlıdır ki, həmin bakteriya 2013-cü ildə də hamar balinalarda qeydə alınıb. Hazırda alimlər infeksiyanın bu dəfə kütləvi şəkildə yayılmasına nəyin səbəb olduğunu araşdırırlar.

Fiorito hesab edir ki, balinaların balalarının ölümündə dominikan qağayılarının rolu ola bilər. Son illərdə qida mənbələrinin əlçatan olması bu quşların sayının artmasına səbəb olub. Qağayılar tez-tez balinalara hücum edərək onların bel nahiyəsini dimdikləyirlər. Bu zaman bakteriyanı bir yoluxmuş balinadan digərinə keçirə bilirlər.

Erysipelothrix rhusiopathiae bakteriyası qızıl yeləbənzər infeksiya kimi tanınan xəstəliyə səbəb olur. Ağır hallarda infeksiya qan vasitəsilə yayılaraq orqanizmdə sistemli infeksiyaya və həyati əhəmiyyətli orqanların zədələnməsinə gətirib çıxara bilər.

İmmunitet sistemi hələ tam formalaşmadığı üçün balina balaları bu xəstəliyə qarşı xüsusilə həssasdırlar. Bundan əlavə, onlar vaxtlarının daha çox hissəsini suyun səthində keçirirlər ki, bu da onları qağayıların hücumlarına qarşı daha müdafiəsiz edir.

Aytəkin TOFİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən