Jurnalist dövlətə xəyanətdə ittiham olunur - Azərbaycanla bağlı dezinformasiya YAYIB

 15:22 22.10.2026     130

Gürcüstanın “Asaval-Dasavali” qəzetinin jurnalisti Domenti (Dito) Çubinidze vətənə xəyanət ittihamı ilə həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluğun nümayəndəsi Beka Kvitsiani brifinqdə bildirib ki, bu ilin əvvəlindən Çubinidze mətbuatda və sosial platformalarda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin David Qareci monastır komplektinin ərazisinin bir hissəsini gizli şəkildə Azərbaycana verməsi barədə yalan və dezinformasiya xarakterli məlumatlar yayıb.

Jurnalistin bununla demarkasiya və delimitasiya üzrə dövlətlərarası komissiyanın işinə mane olduğu bildirilir. Kvitsianinin sözlərinə görə, istintaq jurnalistin bu iddialarını təkzib edib və ona qarşı vətənə xəyanət ittihamı irəli sürüb. 

İrəli sürülən ittiham üzrə Çubinidzeni dörd ilədək həbs cəzası gözləyir. 

Qeyd edək ki, David Qareci kompleksi Azərbaycan-Gürcüstan sərhədinin yaxınlığında yerləşən qədim monastır kompleksidir. Kompleksin ayrı-ayrı hissələri Azərbaycan və Gürcüstan ərazilərində yerləşir. Bu səbəbdən David Qareci məsələsi iki ölkə arasında sərhədin delimitasiyası ilə bağlı ən həssas mövzulardan biri hesab olunur. Azərbaycan məsələnin beynəlxalq hüquq və mövcud tarixi-kartoqrafik sənədlər əsasında həll edilməsinin lehinə çıxış edir.

Vumart və Güvən reklamı Vumart Güvən