Trampı təhdid edən qadın həbs olundu

 10:22 23.10.2026     61

ABŞ-nin Alabama ştatında 36 yaşlı qadın ölkə Prezidenti Donald Trampa qarşı sosial şəbəkələrdə təhdid dolu paylaşımlar etməsi ittihamı ilə həbs olunub.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi oktyabrın 23-də məlumat yayıb.

Qurumun rəsmi saytında yer alan xəbərə görə, Alabama ştatının Kortland şəhər sakini olan 36 yaşlı Meqan Loren Utza (Megan Lauren Utz) qarşı ABŞ Rayon Məhkəməsində iki maddədən ibarət ittiham aktı tərtib olunub. O, ABŞ Prezidentinə qarşı təhdidlər səsləndirməkdə və ştatlararası kommunikasiya vasitəsilə təhdid mesajları ötürməkdə günahlandırılır.

Departamentin məlumatına əsasən, Utz oktyabrın 5-də D.Trampın Tuskalusa şəhərində keçiriləcək futbol oyununa planlaşdırılan səfəri ilə bağlı feysbuk hesabında təhdid xarakterli paylaşım edib. Ertəsi gün Federal Təhqiqat Bürosu (FTB), Məxfi Xidmət və Florensiya polisinin birgə əməliyyatı nəticəsində qadının yeri müəyyən edilərək saxlanılıb.

ABŞ hüquq-mühafizə orqanları bu cür bəyanatları kəskin risk kimi dəyərləndirərək onları doğrudan zorakılıq təhdidi kimi tövsif ediblər. Eyni zamanda bildirilib ki, məhkəmənin yekun qərarı olanadək təqsirləndirilən şəxs təqsirsiz sayılır.

Sözügedən həbslə bağlı ABŞ prokuroru Filip Uilyamsın fikirləri de sitat gətirilib: "Hazırkı şəraitdə, dövlət başçısının artıq dəfələrlə həyatına sui-qəsd cəhdləri ilə üzləşdiyi bir vaxtda, biz bu cür təhdidlərə adekvat və dərhal cavab verəcəyik".

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən