Qara dənizdə pilotsuz aparatların hücumuna məruz qalan gəmi batdı
Komor adalarının bayrağı altında üzən ticarət gəmisi pilotsuz uçuş aparatlarının hücumundan sonra Qara dənizdə batıb. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər itkin düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Rumıniya Daxili İşlər Nazirliyinə istinadən “Agerpres” agentliyi məlumat yayıb.
Hadisə cümə günü saat 10:00 radələrində, Konstantsa şəhərindən 13 dəniz mili şərqdə baş verib. Sahil mühafizəsi gəmidə yanğın olması barədə siqnal alıb.
Gəmidə olan 13 nəfərdən 9-u sağ qalıb, bir nəfər ölüb, üç ekipaj üzvü isə itkin düşüb.
Hazırda sahil mühafizəsi və Rumıniyanın Dənizdə İnsan Həyatının Xilas Edilməsi Agentliyi axtarış-xilasetmə əməliyyatı aparır. Lakin əlverişsiz hava şəraiti səbəbindən itkin düşən dənizçilərin axtarışına helikopterləri cəlb etmək hələlik mümkün deyil.
Xatırladaq ki, oktyabrın 6-da Qara dənizdə Liberiya bayrağı altında üzən və neft daşıyan gəminin pilotsuz katerlərin hücumuna məruz qaldığı barədə məlumat yayılıb. Bundan əvvəl isə pilotsuz uçuş aparatlarının yük gəmilərinə zərbələr endirdiyi bildirilmişdi.
Xədicə BAXIŞLI












