Tehrandan Hörmüz boğazı ilə bağlı xəbərlərə TƏKZİB

 12:16 25.10.2026     64

İran Hörmüz boğazının açılması müqabilində ABŞ-nin dəniz blokadasının ləğv edilməsinə dair yeni təkliflər irəli sürməsi ilə bağlı yayılan xəbərləri qətiyyətlə təkzib edib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Tehran Pakistana və ya digər vasitəçilərə bu mövzuda heç bir yeni layihə təqdim etməyib.

Məlumata görə, İran tərəfi boğazın açılması ilə bağlı əvvəllər hazırladığı 7 günlük planı vasitəçilər vasitəsilə artıq amerikalılara çatdırıb. Agentliyin mənbəsi Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalında İranın güman edilən yeni güzəştləri barədə yayılan məlumatları "yalan və uydurma" adlandırıb.

"İran Hörmüz boğazının dəniz blokadasının qaldırılması ilə dəyişdirilməsi formuluna əsaslanan heç bir şərti razılaşmanı qəbul etmir", - deyə rəsmi mənbə vurğulayıb.

Tehran rəsmisi əlavə edib ki, İran limanlarına və gəmiçilik fəaliyyətinə qoyulan bütün məhdudiyyətlər və maneələr tamamilə aradan qaldırılmayınca Hörmüz boğazında təhlükəsizliyin bərpası mümkün olmayacaq. O, regiondakı qeyri-sabitliyin yeganə səbəbinin ABŞ-nin təcavüzkar və müdaxiləçi siyasəti olduğunu bildirərək, bu hərəkətlərə son qoyulmasının beynəlxalq ictimaiyyətin maraqlarına uyğun gəldiyini qeyd edib.

Xatırladaq ki, iyun ayında ABŞ-İsrail hərbi əməliyyatlarından sonra İslamabadda tərəflər arasında hərbi əməliyyatların dayandırılmasını, dəniz blokadasının götürülməsini və Hörmüz boğazından ticarət gəmilərinin sərbəst keçidini nəzərdə tutan Anlaşma Memorandumu əldə olunmuşdu.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən