"Yaxın Şərqdə heç nə bir daha əvvəlki kimi olmayacaq" - Əraqçidən Qərbə sərt MESAJ

 15:49 25.10.2026     68

İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdə təhlükəsizliyin yalnız region ölkələri tərəfindən təmin olunmalı olduğunu və xarici hərbi qüvvələrin bölgədəki mövcudluğunun sıfıra endirilməsinin vacibliyini bəyan edib.

Redaktor.az xəbər verir ki, nazir bu barədə İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunda təşkil olunan mərasimdə çıxışı zamanı bildirib.

Əraqçi xarici dövlətlərin regionda əsasən İsrailin təhlükəsizliyini təmin etməyə çalışdıqlarını və onların mövcudluğunun gərginliyi artırdığını vurğulayıb: "Biz əminik ki, regionumuz öz gücünə əsaslanaraq və xarici müdaxilədən azad şəkildə sülhə nail olmalıdır. Region ölkələrinin öz səyləri ilə regional təhlükəsizliyin təmin edilməsinə yönəlmiş istənilən təşəbbüsü alqışlayırıq".

İsraili Yaxın Şərqdəki münaqişələrin əsas mənbəyi adlandıran nazir vurğulayıb ki, son dövrdə yaşanan müharibələr region tarixində dönüş nöqtəsinə çevrilib və köhnə strukturları sıradan çıxarıb: "Heç nə bir daha əvvəlki kimi olmayacaq".

İran XİN rəhbəri region ölkələrini xarici hərbi qüvvələrin Yaxın Şərqi tamamilə tərk etməsi üçün birgə səy göstərməyə çağırıb.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən