“Melaniya Vitkoff və Kuşnerdən daha çox şeyə nail olub” - Tramp

 15:54 25.10.2026     110

ABŞ-nin Birinci xanımı Melaniya Tramp şəxsi təşəbbüsü və vasitəçiliyi ilə əldə edilən yerli atəşkəsin nəticələrini yerindəcə görmək üçün Ukraynaya şəxsi səfər etmək imkanını istisna etməyib.

Redaktor.az "New York Post" qəzetinə istinadən xəbər verir ki, Melaniya Tramp Ukraynaya ehtimal olunan səfərlə bağlı suala "Baxarıq, bu mümkündür" cavabını verib.

Həyat yoldaşının yanında olan ABŞ Prezidenti Donald Tramp da öz növbəsində belə bir səfərin həyata keçirilməsinin tamamilə real olduğunu vurğulayıb. Donald Tramp Melaniyanın diplomatiya sahəsindəki səylərini xüsusi təqdir edərək, onun peşəkar danışıqçılar Stiv Vitkoff və Cared Kuşnerdən daha böyük nəticələr əldə etdiyini bildirib.

Birinci xanım müsahibəsində ilk dəfə olaraq Xerson vilayətinin Oleşki şəhəri ərazisində Rusiya və Ukrayna arasında əldə olunmuş lokal atəşkəs barədə açıq danışıb.

O bildirib ki, proses çərçivəsində hər iki ölkənin rəhbərləri - Vladimir Putin və Volodimir Zelenski ilə birbaşa əlaqə saxlayıb və tərəflər humanitar dəhlizin yaradılmasını nəzərdə tutan razılaşmanı imzalayıblar.

Melaniya Tramp, həmçinin atəşkəs danışıqları zamanı göstərdiyi dəstəyə və verdiyi xeyir-duaya görə Katolik Kilsəsinin rəhbəri Papa XIV Leoya təşəkkürünü ifadə edib.

Qeyd edək ki, sözügedən atəşkəs müqaviləsi Rusiyanın işğalı altında olan Oleşki şəhərindəki mülki əhalinin təxliyəsini və əraziyə humanitar yardımların çatdırılmasını nəzərdə tutur.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən