"Paşinyanın partiyası vətəndaşlar arasında ayrı-seçkilik yaradır"
Ermənistanda Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" Partiyasının təşəbbüsü ilə qəbul edilən yeni qanun on minlərlə ölkə vətəndaşının seçkilərdə iştirak etmək konstitusiya hüququnun məhdudlaşdırılmasına səbəb olub.
Redaktor.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətdəki "Ermənistan" ("Hayastan") fraksiyasının deputatı Qeqam Manukyan məlumat verib.
Geqarkunik vilayətinin Martuni şəhərində keçirilən yerli seçkiləri izləyən deputat sosial media hesabındakı canlı yayım zamanı bildirib ki, seçki məntəqələrindən çoxlu sayıda şikayətlər daxil olur. Onun sözlərinə görə, tələsik qəbul edilən qanuna əsasən, müəyyən müddət ölkə hüdudlarından kənarda olan vətəndaşlar səsvermə hüququndan məhrum ediliblər:
"Təkcə Martuni şəhərində 20 minə yaxın sakin bu səbəbdən səs verə bilmir. Qanun o qədər utancverici şəkildə hazırlanıb ki, vətəndaşlar arasında ayrı-seçkilik yaradıb. Məsələn, ikili vətəndaşlığı olan və Rusiya pasportu ilə ölkəyə giriş-çıxış edənlər səsvermə hüququnu saxladığı halda, Ermənistan pasportu ilə xaricə gedənlər hüquqlarından məhrum olunublar. Bir il ölkədə olmayan şəxslər avtomatik siyahıdan çıxarılıb".
Manukyan vurğulayıb ki, "Vətəndaş Müqaviləsi" Partiyasının parlament seçkilərindən sonra qanunvericiliyə etdiyi bu düzəlişlər gələcəkdə yüz minlərlə erməninin referendum və seçkilərdən kənarda qalması ilə nəticələnəcək.
Aminə ŞAHSUVARQIZI












