Putin Avropadakı miqrasiya krizisindən danışdı: "Gələnlərin sayı o həddə çatıb ki..."
Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin miqrantların çoxluğu və dövlətlərin lazımi tədbirlər görməməsi səbəbindən onları inteqrasiya edə bilmədiyini bəyan edib.
Redaktor.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, Rusiya lideri bu barədə "Vesti" xəbər xidmətinə jurnalist Pavel Zarubinə verdiyi müsahibəsində bildirib.
Putinin sözlərinə görə, Avropa dövlətləri miqrantların təhsilinə, dilləri öyrənməsinə və yerli adət-ənənələrə uyğunlaşmasına yetərincə diqqət yetirmirlər: "Bu ölkələrdən gələn insanların sayı artıq o həddə çatıb ki, dövlət onları assimilyasiya etmək iqtidarında deyil. Çoxları on illərdir orada yaşayır, lakin yerləşdikləri ölkənin dilini belə bilmirlər".
Rusiya Prezidenti əlavə edib ki, Avropada böyüyən miqrant uşaqları doğmalarına və dindaşlarına qarşı münasibəti ədalətsiz hesab edirlər ki, bu da yerli hakimiyyətlərə qarşı narazılığı artırır. O, həmçinin Avropa hökumətlərinin öz ənənələrindən imtina etdiyini vurğulayıb.
Avropadakı etirazlar və iğtişaşlarda Moskvanın əli olması barədə iddialara da toxunan Putin bu ittihamları rədd edib: "Bu iddialar açıq-aşkar cəfəngiyyatdır. Baş verənlərin səbəblərini xarici müdaxilədə deyil, Avropa dövlətlərinin daxili problemlərində axtarmaq lazımdır".
Aminə ŞAHSUVARQIZI












