"Bütün dünya dinləri sülh naminə birləşməlidir" - Papa XIV Leo
Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Yəməndəki hərbi əməliyyatları dərhal dayandırmağa, İordaniyadakı pravoslav kilsəsinə edilən qanlı hücumun qurbanlarına mənəvi dəstək verməyə və dünya dinlərini sülh naminə bir araya gəlməyə çağırıb.
Redaktor.az bu barədə "Vatican News"a istinadən xəbər verir.
Papa Yəmənin Taiz şəhərində pisləşən humanitar böhrana diqqət çəkərək münaqişə tərəflərinə müraciət edib: "Mən ürəkdən hərbi əməliyyatlara son qoyulmasını və bölgənin bütün xalqları kimi Yəmən xalqının da sülh içində yaşamasını tələb edirəm".
Qeyd edilib ki, Taizdə yolların bağlanması səbəbindən xəstəxanalarda dərman və oksigen çatışmazlığı kəskinləşib, mülki əhali isə ərzaq və su qıtlığından əziyyət çəkir.
Pontifik, həmçinin oktyabrın 23-də İordaniyanın Karak əyalətindəki Müqəddəs Georgi Yunan Pravoslav Kilsəsində dəfn mərasimi zamanı törədilən və 9 nəfərin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən atışma qurbanlarını xatırlayıb. O, İordaniyanın müxtəlif dinlərin dinc yanaşı yaşaması ilə seçildiyini vurğulayaraq zərərçəkənlərə mənəvi yaxınlığını bildirib.
XIV Leo inananları 1986-cı ildə Papa II İohann Pavel tərəfindən təməli qoyulmuş dinlərarası dua görüşünün 40 illiyi münasibətilə oktyabrın 27-də İtaliyanın Assisi şəhərində keçiriləcək sammit ərəfəsində sülh üçün dua etməyə səsləyib. O, müharibələrin bəşəriyyəti yoxsullaşdırdığını və yeganə doğru yolun dialoq olduğunu əlavə edib.
Aminə ŞAHSUVARQIZI












