"Biz rusları başa düşürük, vasitəçi ola bilərik" - Latviyalı eks-nazirdən gözlənilməz təklif
Latviyanın keçmiş xarici işlər naziri Yanis Yurkans ölkəsinin Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında Ukrayna böhranının həlli üzrə danışıqlarda vasitəçi rolu oynaya biləcəyini bəyan edib.
Redaktor.az Latviyanın NRA qəzetinə istinadən xəbər verir ki, sabiq diplomat Riqanın bu prosesdə təşəbbüsü ələ almasının vacibliyini vurğulayıb.
"Biz rus dilini bilirik və rus xalqını yaxşı başa düşürük", - deyə Yurkans bildirib.
Onun sözlərinə görə, Latviya bu üstünlükdən istifadə edərək Aİ adından dialoqa rəhbərlik edə bilər. Eks-nazir hesab edir ki, Riqa Aİ-nin Rusiyaya arxa çevirmək və davamlı münaqişəyə girmək əvəzinə, onunla üzbəüz konstruktiv dialoqa başlamasına şərait yarada biləcək potensiala malikdir.
Öz növbəsində Moskva tərəfi dəfələrlə hər iki tərəfin maraqlarını nəzərə almaq şərtilə Avropa ölkələri ilə təhlükəsizlik arxitekturası üzrə danışıqlara hazır olduğunu bildirib. Oktyabrın 22-də Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində Ukrayna və Rusiyanın gələcək təhlükəsizlik zəmanətlərinin müzakirəsi zamanı Avropanın ümumi təhlükəsizlik sisteminin də nəzərə alınmasının zəruriliyini qeyd edib.
Aminə ŞAHSUVARQIZI












