"Güclü orduya sahib olmaq müharibə istəmək mənasına gəlmir" - Marin Le Pen
Fransada "Milli Yürüş" partiyasının lideri və prezidentliyə namizəd Marin Le Pen ölkəsinin ordu quruculuğunu inkişaf etdirəcəyini, lakin fransız qoşunlarının ölkədən kənardakı münaqişələrə cəlb olunmayacağını bəyan edib.
Redaktor.az TASS agentliyinə istinadən xəbər verir ki, siyasətçi respublika vətəndaşlarının məsuliyyətsiz hərbi macəralara göndərilməyəcəyini vurğulayıb.
Le Pen bildirib ki, hakimiyyətə gələcəyi təqdirdə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi onun əsas prioritetlərindən biri olacaq və əsas vəzifə Fransanı daxili və xarici təhdidlərdən etibarlı qorumaqdan ibarətdir.
Eyni zamanda, o, ordunun mümkün ənənəvi münaqişələrə yüksək səviyyədə hazırlığının dəstəklənməsinin vacibliyini qeyd etsə də, güclü ordunun varlığının "müharibə aparmaq istəyi" mənasına gəlmədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, avqust ayında Ukrayna ilə bağlı keçirilən görüşdən sonra "könüllülər koalisiyası"na daxil olan ölkələr münaqişə başa çatdıqdan sonra Ukrayna ərazisində çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsinə hazır olduqlarını bəyan etmişdilər. Marin Le Penin bu açıqlaması isə Fransanın həmin missiyalarda birbaşa canlı qüvvə ilə iştirakına qarşı mövqeyini nümayiş etdirir.
Aminə ŞAHSUVARQIZI












