"Somali dünyanın ən pis ölkəsidir" - Tramp
ABŞ Prezidenti Donald Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandıraraq, orada insanların öldürüldüyünü, gəmilərə hücum edildiyini və hökumətin olmadığını iddia edib.
Redaktor.az xəbər verir ki, ABŞ lideri bu açıqlamanı Somali əsilli siyasətçi İlhan Ömərlə bağlı vəziyyəti şərh edərkən verib.
“Bilirsiniz, o, Somalidəndir - bəlkə də dünyanın ən pis ölkəsindən. Orada hökumət yoxdur, ümumiyyətlə, heç nə yoxdur. Onların məşğul olduqları yeganə iş insanları öldürməkdir. Onlar insanları öldürürlər. Gəmilərə hücum edirlər. Onların polisi yoxdur. Sadəcə, ora-bura qaçaraq bir-birlərinə atəş açırlar”, - Tramp oktyabrın 25-də ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində Miçiqan ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
ABŞ Prezidenti həmçinin konqresmen İlhan Öməri istefaya çağırışını bir daha təkrarlayaraq, onu “qarışıqlıq yaradan şəxs” adlandırıb.
Tramp bundan əvvəl də Nümayəndələr Palatasının üzvü, Minnesota ştatından olan demokrat İlhan Ömərin istefa verməli və Konqresdən getməli olduğunu bildirmişdi. Onun sözlərinə görə, Ömər andı həqiqi soyadı ilə deyil, başqa soyadla içib. Tramp iddia edib ki, konqresmenin əsl adı İlhan Nur Səid Elmidir.
Ağ Ev ABŞ Ədliyyə Nazirliyinin Ömərlə bağlı araşdırma apardığını təsdiqləyib. “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, araşdırmanın məqsədi onun vətəndaşlığından məhrum edilməsi və deportasiya olunması üçün sübutlar toplamaqdır.
Konqres üzvü Tramp administrasiyasını siyasi rəqiblərini qorxutmağa çalışmaqda ittiham edib.












