Rusiya Ukraynaya qarşı müharibəyə minlərlə afrikalı cəlb edir

 18:46 26.10.2026     75

Rusiya Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Afrika ölkələrindən hərbçi cəlb edilməsini əhəmiyyətli dərəcədə artırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Ukrayna kəşfiyyatının məlumatlarına istinadən yazıb.

Məlumata görə, xüsusilə Burundi və Zimbabvedən Rusiya ordusuna cəlb edilən şəxslərin sayında kəskin artım qeydə alınıb.

Ukrayna kəşfiyyatının məlumatına əsasən, 2025-ci il ərzində Burundidən 30 nəfər Rusiya ordusuna cəlb edildiyi halda, 2026-cı ildə bu rəqəm 699-a yüksəlib. Zimbabvedən cəlb olunanların sayı isə 65-dən 530-a çatıb.

Syerra-Leone, Sudan, Kamerun və Konqo Demokratik Respublikasından da hərbi xidmətə cəlbetmə hallarının artdığı bildirilir.

Agentlik yazır ki, bəzi Afrika ölkələrinin hökumətləri Rusiya tərəfindən tətbiq edilən cəlbetmə üsullarından narahatlıqlarını ifadə ediblər. İddialara görə, bəzi şəxslər mülki iş vədləri ilə Rusiyaya aparılır, daha sonra isə Ukraynadakı müharibəyə göndərilirlər.

Ukrayna kəşfiyyatının məlumatına əsasən, indiyədək 151 ölkədən Rusiya ordusu ilə müqavilə imzalayan 45 959 xarici vətəndaş müəyyən edilib. Onlardan 5451 nəfərinin Afrika ölkələrinin vətəndaşı olduğu bildirilir.

Qeyd edək ki, açıqlanan rəqəmlər Ukrayna kəşfiyyatına məxsusdur və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Vumart və Güvən reklamı Vumart Güvən