Dörd ölkə Aİ-nin Ukraynaya ayıracağı kreditə zəmanət verməkdən imtina EDİR

 20:59 26.10.2026     68

Macarıstan, Çexiya, Slovakiya və Bolqarıstan Avropa İttifaqının Ukraynaya ayırmağı planlaşdırdığı yeni kredit üzrə maliyyə zəmanətlərində iştirak etmək istəmir. Bu mövqe Almaniyanın kəskin tənqidinə səbəb olub.

Redaktor.az xəbər verir ki, “Welt” nəşrinin məlumatına görə, söhbət Aİ-nin Kiyevə təqdim etməyi planlaşdırdığı 45 milyard avroyadək kreditdən gedir.

Məlumata görə, Ukraynaya gələn il ümumilikdə 70 milyard avro vəsait lazım olacaq. Bunun təxminən 25 milyard avrosunu Kanada və Yaponiya kimi tərəfdaşların təmin edə biləcəyi, qalan məbləğin isə Avropa ölkələrinin üzərinə düşəcəyi gözlənilir. Macarıstan, Çexiya və Slovakiya əvvəlki 90 milyard avroluq kreditlə bağlı olduğu kimi, bu dəfə də maliyyə öhdəliklərindən azad edilmələrini istəyirlər.

Almaniyalı diplomat “Welt”ə açıqlamasında bu tələbi tənqid edib. Onun sözlərinə görə, həmin ölkələrin Ukraynaya yardımdan kənarda qalmaq istəməsi, eyni zamanda Aİ-nin regional fondlarından daha çox vəsait tələb etməsi ilə ziddiyyət təşkil edir. Diplomat əlavə edib ki, vergi ödəyiciləri təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə iştirak etməkdən yayınan ölkələrə ayrılan subsidiyaların artırılmasını dəstəkləməyə bilər.

Macarıstan, Çexiya və Slovakiyaya Bolqarıstan da qoşulub. Bununla belə, Sofiya əvvəlki 90 milyard avroluq kreditin verilməsində iştirak edib. Bolqarıstanın Baş naziri Rumen Radev isə hazırkı vəziyyətdə ölkəsinin 70 milyard avroluq yardım paketinə heç bir şəkildə töhfə verə bilməyəcəyini bildirib.

Radev mövqeyini Ukrayna münaqişəsinin davam etməsinin Avropa ölkələrinin iqtisadiyyatını zəiflətməsi və sosial gərginliyi artırması ilə əsaslandırıb. O, hərbi yolla həllə ümid etmədən döyüş əməliyyatlarının mümkün qədər tez dayandırılmasının vacibliyini vurğulayıb.

Mübahisə Aİ-nin uzunmüddətli büdcəsi ilə bağlı danışıqları da çətinləşdirir. Dövlət və hökumət başçıları maliyyələşdirmə məsələsini noyabrın 26-da müzakirə edəcəklər. Yardım paketinin yekun məbləği isə NATO müttəfiqlərinin dəstəyindən və Aİ-nin mövcud resurslarının səfərbər edilməsindən asılı olacaq.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən