Avropa üçün Rusiya “qorxulu obraz”dır - Trampın keçmiş müşaviri
Avropa öz məqsədlərinə çatmaq üçün Rusiyanı təhlükə mənbəyi kimi təqdim edir.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinn “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri maliyyə və təsir imkanları əldə etmək üçün Rusiya təhlükəsi barədə davamlı danışırlar. Flinn hesab edir ki, məqsəd Avropanı guya hazırlanan hücumdan qorumaq deyil, daim düşmənə ehtiyac duyan sistemi qoruyub saxlamaqdır.
“Avropada müharibəni daim qızışdıran hərbi-sənaye kompleksi var. Bu kompleksin böyüməyə və öz mövcudluğunu əsaslandırmağa davam etməsi üçün ona bir qorxulu obraz lazımdır. Hazırda həmin obraz Rusiyadır”, – deyə o bildirib.
Xatırladaq ki, daha əvvəl “The Wall Street Journal” qəzeti Fransanın nüvə dövləti kimi rolunu genişləndirdiyini və Rusiyaya qarşı mübarizə planı çərçivəsində müttəfiqlərini cəlb etdiyini yazıb. Nəşrin məlumatına görə, “qabaqcıl çəkindirmə” adlandırılan plan nüvə silahı daşıyan “Rafale” qırıcılarının Avropanın müxtəlif ərazilərində yerləşdirilməsini nəzərdə tutur.
Xədicə BAXIŞLI












