İsraildə parlament seçkiləri başa çatdı
İsraildə başa çatan parlament seçkilərindən sonra Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası səsvermədə liderlik etsə də, exit-polun nəticələrinə əsasən, mövcud hakim koalisiya Knessetdə çoxluq əldə edə bilməyib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrailin “Kan-11” dövlət telekanalı səsvermə başa çatdıqdan dərhal sonra sorğuların nəticələrinə istinadən məlumat yayıb.
Exit-pola əsasən, “Likud” 120 yerlik parlamentdə 25 mandat qazanır. İkinci yerdə isə Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalif “Yaşar” partiyası qərarlaşıb – onlara 21 yer proqnozlaşdırılır.
Bununla belə, müxalifət bloku ümumilikdə mövcud hakim koalisiyanın partiyalar birliyini qabaqlayır. “Kan-11”in məlumatına görə, müxalifət 53 mandata, Netanyahunun bloku isə 50 mandata ümid edə bilər.
Exit-polun nəticələrinə görə, daha 17 yeri ərəb partiyaları qazanır. Lakin nə Netanyahunun tərəfdarlarının, nə də müxalifətin bu partiyalarla koalisiya qurmağa hazır olmadığı gözlənilir.
Qeyd edək ki, Knessetdə parlament çoxluğunu formalaşdırmaq üçün ən azı 61 mandat tələb olunur. Dərc edilmiş məlumatlara görə, blokların heç biri hələlik lazımi sayda yerə malik deyil.












