Paşinyan Ermənistan-İran sərhədi ilə bağlı işçi qrupu təyin ETDİ
Ermənistanın Baş naziri Nikol Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması və Tehran tərəfi ilə danışıqların aparılması məqsədilə xüsusi hökumət komissiyası yaradıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi portalı məlumat yayıb.
Komissiyaya Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin qonşu ölkələrlə əlaqələr idarəsinin rəisi v.m.i.e. Avetik Arutyunyan rəhbərlik edəcək. Qurumun tərkibinə sərhədlərin delimitasiyası şöbəsinin rəisi, Silahlı Qüvvələrin Baş Qərargahından iki nümayəndə, ədliyyə nazirinin müşaviri, Milli Təhlükəsizlik Xidmətinin (MTX) üç əməkdaşı (o cümlədən sərhəd qoşunları şöbəsinin rəisi) və Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin nümayəndəsi daxil edilib.
Xəbərdə qeyd olunur ki, bundan əvvəl Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan “TRIPP” marşrutunun layihələndirilməsinə hazırlıq işləri çərçivəsində sərhəd zonasına səfər etmişdi.
“TRIPP” (Trump Route for International Peace and Prosperity — “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”) layihəsi Ermənistanın Sünik vilayətindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihənin yalnız Ermənistanın yurisdiksiyası və suverenliyi çərçivəsində fəaliyyət göstərəcəyi vurğulanır.
Sazişə əsasən, Ermənistan ABŞ-yə marşrutun inkişafı üçün 99 ilədək müddətə müstəsna hüquqlar verir. Azərbaycan bu marşrut vasitəsilə Naxçıvanla quru əlaqəsi qurmağı planlaşdırır. Layihə çərçivəsində yaradılacaq operator şirkətdə ABŞ-nin nəzarət payına (ilkin mərhələdə ABŞ — 74%, Ermənistan — 26%) malik olacağı, müddət uzadılacağı təqdirdə isə Ermənistanın payının 49%-ə qədər artırıla biləcəyi bildirilir.
Qeyd edək ki, cari ilin mayında ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri zamanı paraflanan çərçivə sazişi iyunun əvvəlində rəsmən imzalanıb.
Aminə ŞAHSUVARQIZI












