Ermənistan parlamentində kütləvi DAVA: Deputatlar bir-birini yumruqladı

 11:03 29.10.2026     141

Ermənistan parlamentində (Milli Məclis) növbəti dəfə siyasi gərginlik pik həddə çatıb və deputatlar arasında əlbəyaxa dava düşüb.

Redaktor.az xəbər verir ki, insident hakim "Mülki Müqavilə" (CP) partiyasından olan deputat Taron Çaxoyanın çıxışı zamanı baş verib.

Çıxışında müxalifətçi deputat Karapetyana müraciət edən T.Çaxoyan qarşı tərəfi və onun ailə üzvlərini sərt ifadələrlə hədəf alıb. Əvəzində "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan yerindən replika ataraq hakim partiya təmsilçisinə sərt etirazını bildirib. Siyasi ritorikanın kəskinləşməsi və qarşılıqlı təhqirlərin səsləndirilməsindən sonra müxalifət deputatları ayağa qalxaraq tribunaya tərəf yönəliblər.

Ayrılıqda bəzi deputatların tərəfləri sakitləşdirmək və münaqişənin dərinləşməsinin qarşısını almaq cəhdləri nəticə verməyib.

İclasda sədrlik edən parlamentin vitse-spikeri Ruben Rubinyan insidentsiz sessiyanı davam etdirməyə çalışaraq bildirib: “Hər kəsin baş verənləri aydın görməsi üçün iclası xüsusi olaraq saxlamıram. Sessiya davam edəcək. İntizamı qorumaq və ya gərginliyi artırmaq sizin seçiminizdir. Xahiş edirəm yerlərinizə əyləşəsiniz”.

Lakin bundan dərhal sonra "Mülki Müqavilə" deputatı Taron Çaxoyan ilə "Güclü Ermənistan" fraksiyasının üzvü Qarnik Davtyan arasında fiziki qarşıdurma yarandığından vəziyyət idarəolunmaz həddə çatıb. Qarşılıqlı zərbələrin endirilməsi ilə başlayan insident qısa zamanda hər iki siyasi qütbün deputatlarının qatıldığı kütləvi davanın alovlanmasına gətirib çıxarıb.

Yaranmış xaotik şərait və təhlükəsizlik riskləri səbəbindən spiker Ruben Rubinyan parlamentin iclasında məcburi fasilə elan etməyə məcbur olub.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən