"Qətər İsrail siyasətçilərinin günah keçisi deyil" - Dohadan Təl-Əvivə sərt REAKSİYA

 21:24 29.10.2026     67

Qətər Dövləti İsrail parlament seçkilərinə müdaxilə etmək, yaxud səsvermənin nəticələrinə təsir göstərəcək fəaliyyətləri maliyyələşdirmək barədə səsləndirilən ittihamları qətiyyətlə rədd edib.

Redaktor.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bəyanat yayıb.

Doha rəsmisi İsrail siyasətçilərini öz uğursuzluqlarına görə Qətəri "günah keçisi" kimi istifadə etməməyə çağırıb. Əl-Ənsari bildirib ki, bəzi İsrail siyasətçiləri və onlarla əlaqəli media orqanları seçkilərdən sonra Qətəri daxili siyasi çəkişmələrə çəkmək məqsədilə yeni dezinformasiya kampaniyasına başlayıblar:

"Onlar Qətəri Benyamin Netanyahuya, İsrail solçularına və indi də ərəb seçicilərinə rüşvət verməkdə ittiham edirlər. Əgər bu iddialar doğru olsaydı, Qətər çox güman ki, artıq bütün İsrailə sahib olardı".

Sözügedən qalmaqal oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərindən sonra dərinləşən siyasi böhran fonunda alovlanıb. İlk nəticələrə görə, nə Baş nazir Benyamin Netanyahunun bloku, nə də Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalifət koalisiyası 120 yerlik Knessetdə hökumət qurmaq üçün vacib olan 61 mandatlıq çoxtərəfli üstünlüyü qazana bilməyib. Ümumilikdə 19 mandat əldə edən ərəb partiyalarının gələcək koalisiya danışıqlarında həlledici rol oynayacağı gözlənilir.

İsrail Mərkəzi Seçki Komissiyasının sədri Noam Zolberq "Şabak" (Şin Bet) təhlükəsizlik xidmətinə seçkilərə xarici müdaxilə iddialarını araşdırmağı tapşırıb. İsrail mediası ərəb seçicilərin fəallığını artırmaq üçün aparılan kampaniyanın Qətər tərəfindən maliyyələşdirildiyini iddia etsə də, seçki orqanları nəticələrə şübhə doğuracaq hər hansı kütləvi qanunsuzluq qeydə almayıb.

Qətər XİN rəsmisi vurğulayıb ki, bu cür qarayaxma kampaniyaları Dohanın beynəlxalq vasitəçilik səylərinə, humanitar missiyalarına və Fələstin xalqına göstərdiyi dəstəyə mane ola bilməyəcək. O, yeni formalaşacaq İsrail hökumətini beynəlxalq hüquqa əməl etməyə və paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin qurulması hüququnu tanımağa çağırıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən