Rusiya İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazırdır - Moskvadan Vaşinqton və Tehrana kritik TƏKLİF
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Əl-Cəzirə" telekanalına müsahibəsində Moskva ilə Tehran arasında nüvə sahəsində əməkdaşlıq və regional təhlükəsizliklə bağlı mühüm bəyanatlarla çıxış edib.
Redaktor.az xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Rusiya Federasiyasının ABŞ və İran arasında vasitəçilik etməyə, eləcə də tərəflərin razılığı olacağı təqdirdə İranın zənginləşdirilmiş uranını öz ərazisində qəbul etməyə hazır olduğunu bildirib.
Peskovun sözlərinə görə, əgər zənginləşdirilmiş uran məsələsi Vaşinqton və Tehran arasında diplomatik danışıqlarda əsas maneə olaraq qalarsa, Rusiya bu yükü öz üzərinə götürməyə razıdır.
O vurğulayıb ki, Moskva tərəflərin müvafiq müraciəti olarsa, Fars körfəzi regionunda hərbi eskalasiyanın qarşısını almaq üçün vasitəçilik səylərini gücləndirə bilər.
Rusiya tərəfi həmçinin bəyan edib ki, İran ətrafındakı vəziyyət Moskva ilə Vaşinqton arasında keçirilən ikitərəfli təmasların müntəzəm müzakirə mövzusudur və tərəflər bu istiqamətdə aktiv fikir mübadiləsini davam etdirirlər.
Xədicə BAXIŞLI













