Melaniya Trampdan Oleşkiyə humanitar missiya mesajı: "Qoy davamlı sülhün yeni bir fəsli açılsın"
ABŞ-nin birinci xanımı Melaniya Tramp Xerson vilayətinin Oleşki şəhərinə göndərilən humanitar missiyanın Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, birinci xanım bu barədə feysbuk səhifəsində paylaşım edib.
"Qoy bu humanitar missiya əzablara son qoysun və Rusiya ilə Ukrayna arasında davamlı sülhün yeni bir fəsli açsın", - deyə Melaniya Tramp qeyd edib.
Amerika liderinin həyat yoldaşı əlavə edib ki, müxtəlif ölkələrin nümayəndə heyətləri artıq humanitar əməliyyatın aparıldığı əraziyə doğru hərəkət edirlər. Tramp beynəlxalq ictimaiyyəti missiya çərçivəsində çalışan heyətin fəaliyyətinə hər cür dəstək verməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın İnsan Hüquqları üzrə Komissarı Yana Lantratova Oleşki şəhərində humanitar missiyanın təhlükəsiz keçidini təmin etmək üçün nəzərdə tutulan marşrutların minalardan təmizlənməsi prosesinin tam yekunlaşdığını bəyan etmişdi.
Xədicə BAXIŞLI













