Fransa 31 oktyabrda keçiriləcək etiraz aksiyalarına 70 min təhlükəsizlik qüvvəsi göndərəcək
Fransa hakimiyyəti oktyabrın 31-i şənbə gününə təsadüf edən kütləvi etiraz aksiyaları zamanı ölkə üzrə təhlükəsizliyi təmin etmək məqsədilə 70 min polis və jandarm qüvvəsini səfərbər edir.
Redaktor.az BFMTV telekanalına istinadən xəbər verir ki, ölkənin Daxili İşlər naziri Loran Nunez iğtişaş riskinin son dərəcə yüksək olduğu barədə xəbərdarlıq edərək irimiqyaslı təhlükəsizlik planını təsdiqləyib.
Gözlənilən təhlükənin miqyasını nəzərə alan Fransa hökuməti hüquq-mühafizə əməkdaşlarının məzuniyyətlərini ləğv edib. Əməliyyatlara polis və jandarm ilə yanaşı, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Briqadaları (BRI), RAID və GIGN xüsusi təyinatlı bölmələri, eləcə də atlı və itli patrul xidmətləri cəlb olunacaq. Həmçinin asayişin havadan nəzarətdə saxlanılması üçün dronlar, helikopterlər, 26 ədəd "Centaure" zirehli maşını və su topları istifadəyə veriləcək.
Daxili İşlər nazirinin sözlərinə görə, etirazların Halloween şənlikləri ilə eyni vaxta düşməsi və sosial şəbəkələrdə radikal solçu qruplar tərəfindən saat 20:00 radələrində "inqilabi üsyan" çağırışlarının edilməsi narahatlığı daha da artırır:
"Biz heç bir qanunsuzluğa və ifratçılığa dözməyəcəyik. Bu şənbə qeyri-adi bir gün olacaq. Icazəsiz toplantılar prefekturalar tərəfindən dərhal qadağan ediləcək, qanunu pozanlar və təşkilatçılar saxlanılacaq".
Məlumat üçün bildirək ki, etiraz dalğası başlayandan bəri Fransada 1193 polis və jandarm əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Hüquq-mühafizə orqanlarına yüksək riskli radikal qrupları vaxtında müəyyən edərək zərərsizləşdirmək tapşırılıb.
Aminə ŞAHSUVARQIZI













