Qazaxıstanda Leninin abidəsi təhqir EDİLDİ
Qazaxıstanın Karaqandı vilayətinin Balxaş şəhərində yerləşən parkda keçmiş SSRİ-nin lideri Vladimir Leninin abidəsinin postamentinə naməlum şəxslər tərəfindən təhqiramiz ifadələr yazılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Novıy Vestnik” məlumat yayıb.
“Bu faktla bağlı bildiririk ki, abidənin postamentinin yazılması vandalizm təzahürüdür. Yazıların aradan qaldırılması məsələsi nəzarətə götürülüb. Yaxın vaxtlarda obyektin lazımi xarici görünüşünün bərpası üçün işlər aparılacaq”, - şəhər administrasiyasının açıqlamasında bildirilib.
“Novıy Vestnik”in məlumatına görə, yazılar postamentin əhənglə ağardılmasından sonra ortaya çıxıb.
Xatırladaq ki, bundan əvvəl KİV-də Qazaxıstanın Kostanay vilayətinin Kuşmurun qəsəbəsində vilayət akimatının tələbi ilə Vladimir Leninin abidəsinin söküldüyü barədə də məlumat yayılmışdı.













