Yaponiya Rusiya ilə dialoqu bərpa etmək üçün mövqeyini dəyişməlidir - Lavrov
Rusiya ilə dialoqun bərpası üçün Yaponiya qeyri-dost siyasətindən imtina etməlidir.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 xarici işlər nazirləri şurasının iclası çərçivəsində yaponiyalı həmkarı Toşimitsu Motegi ilə görüşündə bildirib.
“RİA Novosti”nin məlumatına görə, görüş Atlantada baş tutub. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, danışıqların təşəbbüskarı Yaponiya tərəfi olub. Nazirlər qısa söhbət zamanı ikitərəfli münasibətləri müzakirə ediblər.
Xatırladaq ki, Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara daha əvvəl Tokionun problemlərin həlli üçün Moskva ilə əlaqələri davam etdirmək niyyətində olduğunu, lakin Kuril adalarına dair iddialarından imtina etməyəcəyini bildirib.
Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yaponiya açıq şəkildə qeyri-dost mövqe sərgilədiyi müddətdə Moskvanın bu ölkə ilə sülh müqaviləsini müzakirə etmək niyyətində olmadığını açıqlayıb.
Xədicə BAXIŞLI













