Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş ALIR

 11:08 31.10.2026     124

Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib.

Redaktor.az xəbər verir ki, "Chase" maliyyə təşkilatının 2000 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özünü ən rahat hiss edən şəxslər işə maksimum 29 dəqiqəyə çatanlardır.

Səfər müddəti 45 dəqiqəni keçdikdə isə işçilərdə daha işə başlamadan mənfi əhval-ruhiyyə və yüksək stress səviyyəsi müşahidə olunur. Tədqiqat göstərir ki, şəxsi avtomobili ilə gedən və yolda musiqi dinləyənlər, eləcə də, piyada və ya velosipeddən istifadə edənlər bu prosesi daha müsbət qiymətləndirirlər.

Qərbi İngiltərə Universitetinin (UWE) 5 il ərzində 26000-dən çox işçi arasında apardığı digər bir araşdırma isə daha diqqətçəkən məqamları üzə çıxarıb. Məlum olub ki, yolda keçirilən vaxtın gündəlik 20 dəqiqə artması əməkhaqqının 19 faiz azaldılması ilə eyni mənfi effekti verir. Xüsusilə avtobusla hərəkət edənlər daha böyük gərginlik yaşayırlar.

İqtisadçılar Bruno Frey və Alois Ştutser bu vəziyyəti "işə gediş paradoksu" adlandırırlar. İnsanlar, adətən, daha yüksək maaş və ya daha ucuz mənzil xatirinə iş yerindən uzaqda yaşamağa razı olurlar. Lakin hesablamalara görə, hər gün bir istiqamətdə 1 saat yol gedən şəxsin evinin yaxınlığında işləyən biri ilə eyni həyat məmnuniyyətinə çatması üçün 40 faiz daha çox məvacib alması şərtdir.

Harvard Universitetinin politoloqu Robert Patnam isə əlavə edir ki, yolda keçən hər əlavə 10 dəqiqə insanın ailəsi və dostları ilə sosial əlaqələrini 10 faiz zəiflədir. Mütəxəssislər bu mənfi təsirləri aradan qaldırmağın ən effektiv yolunun distant (evdən) iş modelinə keçid olduğunu bildirirlər.

Vumart və Güvən reklamı Vumart Güvən