"ABŞ-nin mesajında ton dəyişib, lakin nüvə doktrinası rəsmən dəyişdirilməyib" - Tehrandan Vaşinqtona REAKSİYA
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Vaşinqtondan vasitəçilər vasitəsilə yeni məktub alındığını və ABŞ-nin ritorikasında kəskin fərqlənən ton dəyişikliyinin müşahidə olunduğunu bildirib.
Redaktor.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, ABŞ tərəfinin göndərdiyi müraciət vasitəçilər vasitəsilə İran Xarici İşlər Nazirliyinə təqdim olunub və aparılan ilkin təhlillərdən sonra Tehran hələlik rəsmi cavab verməyib.
Rzayi Vaşinqtonun mövqeyindəki bu yumşalmanı İranın nümayiş etdirdiyi qətiyyətin və xalqın müqavimətinin nəticəsi kimi dəyərləndirib.
Ali Milli Təhlükəsizlik Şurasının katibi ölkənin nüvə siyasətinə də toxunaraq bildirib ki, İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra cəmiyyətdə və parlament deputatları arasında, xüsusilə də hərbi əməliyyatların bərpa olunacağı təqdirdə, nüvə doktrinasının yenidən nəzərdən keçirilməsi barədə ciddi çağırışlar səsləndirilməkdədir. O xatırladıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) tam nəzarətinə və onlayn kameraların fəaliyyətinə baxmayaraq, qarşı tərəf İranın dinc nüvə obyektlərini hədəf alıb.
Bununla belə, Rzayi vurğulayıb ki, nə İran hökuməti, nə də Ali Milli Təhlükəsizlik Şurası nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı hələlik hər hansı rəsmi qərar qəbul etməyib.
Qeyd edək ki, bir qədər əvvəl Amerika mətbuatında ABŞ vitse-prezidenti C.D. Vensin İran rəhbərliyinə məktub ünvanladığı barədə məlumatlar yayılmışdı. Prezident Donald Tramp Tehranla birbaşa danışıqlara göstəriş verdiyini təkzib etsə də, İran tərəfi məktubun rəsmən qəbul edildiyini təsdiqləyib.
Aminə ŞAHSUVARQIZI













