Müxalifət "Səsləri xilas edin" şüarı ilə küçələrə çıxdı - Dehlidə kütləvi etiraz
Hindistanın paytaxtı Dehlidə "INDIA" müxalifət alyansı Seçki Komissiyasına və seçici siyahılarındakı iddia olunan qanunsuzluqlara qarşı "Səsləri xilas edin, ölkəni xilas edin" devizi altında kütləvi etiraz aksiyası keçirib.
Redaktor.az "Hindustan Times" və "India Today" nəşrlərinə istinadən xəbər verir ki, müxalifətin əsas toplaşma yeri məşhur Ramlila meydanı olub.
Aksiyada Hindistan Milli Konqresinin rəhbəri Mallikarjun Xarge, lideri Rahul Qandi, Samajvadi Partiyasının sədri Axileş Yadav, Qərbi Benqalın baş naziri Mamata Banerci və digər aparıcı siyasətçilər iştirak ediblər.
Müxalifət liderləri Hindistanın Baş Seçki Komissarı Qyaneş Kumarı hakim "Bharatiya Janata" partiyası (BJP) ilə işbirliyində, seçici siyahılarından milyonlarla adın qanunsuz çıxarılmasında ittiham ediblər. Aksiyada çıxış edən Rahul Qandi və Mallikarjun Xarge Baş Seçki Komissarı Qyaneş Kumarın dərhal istefa verməsini, Xüsusi İntensiv Yenidənaxarma (SIR) prosesinin dayandırılmasını və seçkilərin kağız bülletenlərlə keçirilməsini tələb ediblər.
Aksiya ilə əlaqədar Dehlinin mərkəzinə 10 mindən çox polis və hərbiləşdirilmiş mühafizə dəstələri yerləşdirilib, ərazidə 200-dən çox videomüşahidə kamerası quraşdırılıb. Təşkilatçılar mitinqə yüz minlərlə insanın qatıldığını bildirsələr də, polis təhlükəsizlik səbəbilə Ramlila meydanının 50 mindən çox iştirakçı qəbul etmədiyini və axının ətraf küçələrdə saxlanıldığını açıqlayıb. Şəhərin bir sıra mərkəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Paralel olaraq, hakim Bharatiya Janata Partiyası (BJP) təmsilçiləri, federal nazir Hardip Sinqh Puri və Sikh icmasının nümayəndələri Hari Nagar rayonunda 1984-cü il Sikh qırğınlarının qurbanlarını anmaq üçün alternativ tədbir təşkil ediblər.
Xatırladaq ki, Seçki Komissiyasının rəhbərliyi ətrafında qalmaqal "The Indian Express" qəzetində dərc olunan məqalədən sonra kəskinləşmişdi. Məqalədə komissiya üyələrinin 10 ay ərzində Qyaneş Kumarın qərarlarına 14 dəfə qarşı çıxdığı iddia edilsə də, komissiya bütün qərarların yekdilliklə qəbul olunduğunu bildirib.
Aminə ŞAHSUVARQIZI













