İranda COVID-19 yenidən YAYILIR
İranda qrip və COVID-19-a yoluxma halları artır. Artıq ölüm faktları da qeydə alınır.
Redaktor.az Fars agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran Tibb Elmləri Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Həmid Emadi Kuçek məlumat verib.
Onun sözlərinə görə, hazırda yayılan koronavirusun alt ştammı əvvəlkilərlə müqayisədə daha sürətlə ötürülür və yoluxmaya səbəb olur. Lakin bu virusun törətdiyi xəstəlikdən ölüm göstəricisi daha aşağıdır.
Professor bildirib ki, viruslara, xüsusilə də koronavirus və qripə yoluxma riskini azaltmaq üçün şəxsi gigiyena qaydalarına əməl etmək vacibdir. Buraya əlləri mütəmadi yumaq, insanların sıx olduğu yerlərdə maskadan istifadə etmək, yaşlıların və xroniki xəstəlikləri olan şəxslərin isə mümkün qədər izdihamlı məkanlardan uzaq durması daxildir.
"Mövcud məlumatlara əsasən, COVID-19-a yoluxma hallarının sayında əhəmiyyətli artım və kəskin yüksəliş müşahidə edirik", - deyə həkim bildirib.













