Paşinyan yeni Konstitusiyadan danışdı: "Azərbaycanla tam sülh olacaq?"
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı ölkənin yeni Konstitusiyasının qəbulunun Azərbaycanla sülh prosesinə təsiri barədə diqqətçəkən suallarla çıxış edib.
Redaktor.az xəbər verir ki, Paşinyan İrəvanın sülh sazişinin imzalanmasının bütün münaqişəli məsələləri birdəfəlik həll edib-etməyəcəyinə dərhal aydınlıq gətirmək niyyətində olduğunu bildirib:
“Ermənistan yeni Konstitusiyanı qəbul etdikdə Azərbaycanla sülh müqaviləsi imzalanacaqmı? Və imzalanmanın özü Ermənistanla Azərbaycan arasında münasibətlərdə heç bir münaqişənin qalmayacağı hərtərəfli sülhün bərqərar olması demək olacaqmı?”. Baş nazir vurğulayıb ki, rəsmi İrəvanın diplomatik səyləri yaxın gələcəkdə məhz bu suallara cavab almağa yönəldiləcək.
Daha əvvəl Paşinyan müxalifəti ictimai təzyiq mexanizmləri vasitəsilə yeni Konstitusiyanın qəbuluna dəstək verməyə məcbur edəcəyi ilə hədələmişdi. Buna cavab olaraq "Ermənistan" fraksiyasının rəhbəri Anna Qriqoryan hakimiyyətin təklif etdiyi konstitusiya dəyişikliklərinin əleyhinə səs verəcəklərini bəyan edib.
Xatırladaq ki, Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında yer alan və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən bəndlərin dəyişdirilməsini əsas şərt kimi irəli sürür.
Aminə ŞAHSUVARQIZI













