Paşinyan yeni Konstitusiya layihəsinin vaxtını AÇIQLADI
Ermənistan hökuməti ölkənin yeni Konstitusiya layihəsini noyabr ayında ictimaiyyətə təqdim etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan Milli Məclisin daimi komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bəyan edib.
Paşinyan bildirib ki, layihə dərc olunduqdan sonra geniş ictimai müzakirələr mərhələsi başlayacaq: "Yeni Konstitusiya layihəsini dərc edəcəyik və təklifləri qiymətləndirəcəyik. Bu proses sənədin cəmiyyətdə kifayət qədər müzakirə olunduğundan əmin olana qədər davam edəcək".
Hökumətin ən vacib vəzifəsinin Azərbaycanla sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi olduğunu vurğulayan Paşinyan, yeni Ana Qanunun qəbulunun hərtərəfli sülhə zəmanət verib-verməməsi sualına aydınlıq gətiriləcəyini qeyd edib. O bildirib ki, müsbət cavablar əldə olunarsa, Ermənistan vətəndaşlarının böyük əksəriyyəti referendumda yeni Konstitusiyanın lehinə səs verəcək:
"Əgər müsbət cavablar alsaq və parlamentdəki müxalifət buna qarşı çıxarsa, bu, onların sülhə qarşı olması anlamına gələcək. Bu halda müxalifətə ictimai təzyiq mütləq olacaq və hakim çoxluq bu təzyiqə rəhbərlik edəcək".
Qeyd edək ki, Ermənistan və Azərbaycan 8 avqust 2025-ci ildə sülh müqaviləsini paraflasalar da, Bakı sazişin yekun imzalanması üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını əks etdirən Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını əsas şərt kimi irəli sürür. Paşinyan da daha əvvəl yeni Konstitusiya layihəsində həmin istinadın yer almamalı olduğunu bəyan etmişdi.
Aminə ŞAHSUVARQIZI













