Polşa ordusu və xüsusi xidmətləri sərhəddə hərəkətə KEÇDİ
Polşa hüquq-mühafizə orqanları təxribat təhlükəsi ilə bağlı iddiaları əsas gətirərək Kalininqrad vilayəti ilə sərhəddə xüsusi əməliyyat keçirir.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş Polis Komendantı Marek Boron “RİA Novosti”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Polisin Baş Komendantlığında xüsusi əməliyyatın idarə olunması üçün qərargah yaradılıb. Əməliyyat Varmin-Mazur və Podlyask voyevodalıqlarında polis qüvvələrinin, Silahlı Qüvvələrin, Sərhəd Mühafizəsi Xidmətinin və xüsusi xidmət orqanlarının əməkdaşlığı ilə həyata keçirilir.
Boron bildirib ki, tədbirlər sərhədyanı ərazilərdəki risklər fonunda qabaqlayıcı xarakter daşıyır.
O, əməliyyatın səbəbi kimi mümkün təxribat və diversiya hazırlıqları barədə daxil olan məlumatları göstərsə də, bu iddiaları təsdiqləyən hər hansı sübut təqdim etməyib.
Xatırladaq ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski daha əvvəl ölkədəki siyasi böhranda Rusiyanın əli olduğunu iddia edib.
Rusiya Prezidenti Vladimir Putin isə oktyabrın 29-da Moskvanın Avropaya təhdid yaratmadığını və Avropa ilə müharibəyə başlamaq üçün bəhanə axtarmadığını bildirib. O, Avropa İttifaqında Rusiya ilə müharibəyə hazırlıq barədə müzakirələri də “şizofreniya” adlandırıb.
Xədicə BAXIŞLI













