“Ryanair”də maaşların dondurulması və ixtisarlar gündəmdə
İrlandiyanın aşağıbüdcəli aviaşirkəti “Ryanair” yanacağın qiymətinin kəskin artması fonunda genişmiqyaslı qənaət tədbirləri tətbiq etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Planlaşdırılan dəyişikliklərə əmək müqavilələrinə yenidən baxılması, mümkün əməkhaqqı dondurulması, hər təyyarəyə düşən ekipaj üzvlərinin sayının azaldılması və proseslərin optimallaşdırılması üçün süni intellekt texnologiyalarından daha geniş istifadə daxildir.
Şirkət maliyyə çətinliklərinin əsas səbəbi kimi Yaxın Şərqdəki qeyri-sabit vəziyyəti göstərib. “Ryanair” xəbərdarlıq edib ki, münaqişə yaxın vaxtlarda həllini tapmasa, gələn il yanacaq xərcləri əlavə olaraq təxminən 2 milyard avro arta bilər.
Qənaət tədbirləri şirkətin 2027-ci maliyyə ilinin ilk yarısına dair hesabatı ilə birlikdə açıqlanıb. Belə ki, gəlirlərin 3 faiz artaraq 10,1 milyard avroya, sərnişin sayının isə 6 faiz yüksəlməsinə baxmayaraq, xalis mənfəət 15 faiz azalaraq 2,15 milyard avro təşkil edib.
Xatırladaq ki, “Ryanair”in baş icraçı direktoru Maykl O'Liri daha əvvəl aviabiletlərin bahalaşmasına səbəb olan ekoloji rüsumları artırdığı üçün Avropa Parlamentini “axmaqlar gəmisi” adlandırıb.
Bundan əvvəl “Volkswagen” şirkətinin 2030-cu ilədək əməkdaşlarının maaşlarını dondurmaq qərarı verdiyi bildirilmişdi.
Xədicə BAXIŞLI













