Çexiya Prezidenti ölkə ordusunun ciddi münaqişəyə hazır olmadığını etiraf ETDİ
Çexiya Prezidenti Petr Pavel ölkə ordusunun ciddi hərbi münaqişəyə hazır olmadığını və NATO qarşısında götürülən öhdəlikləri yerinə yetirmək iqtidarında olmadığını bildirib.
Redaktor.az xəbər verir ki, dövlət başçısının açıqlamasını Çexiya Müdafiə Nazirliyinin rəsmi saytı yayıb.
Məlumata görə, noyabrın 2-də hökumət tərəfindən 2040-cı ilədək silahlı qüvvələrin inkişafı konsepsiyası təsdiqlənib. Pavelin sözlərinə görə, Çexiya müttəfiqlərin hərbi imkanların inkişafı ilə bağlı müəyyən etdiyi hədəflərin 70 faizini yerinə yetirmir. Ən çox resurs tələb edən istiqamətlərdə isə ölkə 5-10 il geridə qalır.
Sənəddə ağır briqadanın yaradılmasının başa çatdırılması, orta briqadanın modernləşdirilməsinə başlanılması, hava hücumundan müdafiə və dronlara qarşı mübarizə imkanlarının gücləndirilməsi, eləcə də idarəetmə sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.
Plana əsasən, 2030-cu ilədək Çexiya ordusunun şəxsi heyətinin ən azı 32 min hərbçiyə, ehtiyat qüvvələrin sayının isə 10 min nəfərə çatdırılması hədəflənir. 2040-cı ilədək ehtiyat qüvvələrin sayının 15 min nəfərə qədər artırılması planlaşdırılır.
“Ölkənin təhlükəsizliyinə görə məhz hökumət məsuliyyət daşıyır”, – deyə Pavel vurğulayıb.
Baş nazir Andrey Babiş isə bu tənqidə cavab olaraq Çexiyanın iştirak edəcəyi genişmiqyaslı hərbi münaqişə ehtimalını təsəvvür etmədiyini bildirib. Bununla belə, o, ordunun inkişaf etdirilməsinin və ölkənin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vacibliyini qeyd edib.
Müdafiə naziri Yaromir Zuna isə əsas məqsədin hərbi xərclər üzrə faiz göstəricilərinin artırılması yarışına qoşulmaq olmadığını bildirib.
NURİYYƏ













