Britaniyada 1000 illik qızıl kulon TAPILDI
Böyük Britaniyada metal detektoru ilə axtarış aparan kişi təxminən 1000 il əvvələ aid qızıl kulon aşkarlayıb. Mütəxəssislər əl formasında olan bu zinət əşyasının xristianlıqda “Tanrının əli” kimi tanınan dini simvolu təsvir edə biləcəyini düşünürlər.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Nik Berri adlı şəxs tapıntını “Downton Abbey” serialının çəkildiyi Hayklir qəsri yaxınlığında aşkar edib.
Berri bildirib ki, ərazidə üç nəfər metal detektoru ilə axtarış apararkən cihazdan güclü siqnal gəlib. Torpağı qazdıqdan sonra qızıl parıltısı görüb və kulonu üzə çıxarıb.
O, tapıntının qeyri-adi olduğunu dərhal anladığını və onun anqlosakson dövrünə aid olduğunu müəyyən etdiyini söyləyib. Metal detektoru ilə 30 ildən çoxdur məşğul olan Berri indiyədək belə bir əşyaya rast gəlmədiyini vurğulayıb.
Mütəxəssis Culian Evans-Hartın sözlərinə görə, əl formasındakı simvol xristianlıqla əlaqəlidir və qədim sikkələrdə, eləcə də kilsə əşyalarında rast gəlinir. O, tapılan kulonun da “Tanrının əli” simvolunu əks etdirdiyini ehtimal edir.
Tapıntının dəqiq mənşəyi hələ məlum deyil. Ekspert hesab edir ki, kulon yüksək sosial statusa malik şəxsə məxsus olub və boyundan asılaraq taxılıb.
Berri kulonu Britaniya Muzeyinə təhvil verib. Muzey zinət əşyasını satın alacağı təqdirdə, tapıntını aşkar edən şəxs və torpaq sahibi altı rəqəmli məbləğdə təzminat ala bilərlər.
NURİYYƏ













