Zelenski Əbu-Dabi danışıqlarında müzakirə olunacaq məsələləri AÇIQLADI
Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək danışıqlarda ölkəsinin təhlükəsizlik təminatları, bərpası və Kiyev üçün prioritet olan dörd məsələnin müzakirə ediləcəyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Kiyev enerji və kritik infrastruktura zərbələrin dayandırılmasını, Qara dənizin blokadadan çıxarılmasını, əsir mübadiləsini, eləcə də Avropanın iştirakı ilə üçtərəfli formatda liderlər səviyyəsində görüşün hazırlanmasını istəyir.
“Ukraynanın əsir mübadiləsinin sayını hansı formatda artıra biləcəyindən söhbət gedir. Arzuolunan variant hamının hamı ilə dəyişdirilməsidir. Lakin ən azı mübadilələrin və insanların evlərinə qaytarılmasının intensivləşdirilməsi üçün yol tapılmalıdır”, – deyə Zelenski qeyd edib.
Xatırladaq ki, noyabrın 3-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya və Ukraynanın ABŞ-nin vasitəçiliyi ilə noyabrın 10-11-də Əbu-Dabidə danışıqlar aparacağını açıqlayıb.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov da Rusiya nümayəndə heyətinin görüşdə iştirak edəcəyini təsdiqləyib. Onun sözlərinə görə, Rusiya tərəfinin əsas danışıqçısı əvvəlki kimi Prezidentin köməkçisi Vladimir Medinski olacaq.
Xədicə BAXIŞLI













