NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində rekord müddət uçuş ETDİ
NATO-ya məxsus ABŞ istehsalı kəşfiyyat təyyarəsi Qara dənizin neytral suları üzərində rekord müddət – 9 saat uçuş həyata keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS dispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Bombardier ARTEMIS II” təyyarəsi Rumıniyanın Konstansa şəhərindəki aerodromdan havaya qalxıb və Moskva vaxtı ilə saat 09:40 radələrində Qara dənizin cənub hissəsi üzərində uçuşa başlayıb. Təyyarə təxminən 11 kilometr yüksəklikdə qərbdən şərqə və əks istiqamətdə hərəkət edib.
Bildirilib ki, təyyarə Rumıniyadan başqa heç bir dövlətin hava məkanına daxil olmayıb. Bununla belə, bir neçə dəfə həmin ölkənin Ukrayna ilə sərhədinə yaxın ərazilərə uçub.
Mənbə xatırladıb ki, bu ilin iyul ayının sonunda da həmin təyyarə Qara dəniz üzərində 9 saat uçaraq rekord müəyyənləşdirib. Bu gün isə həmin göstərici təkrarlanıb.
Qeyd edək ki, daha əvvəl Rusiya ilə dəniz sərhədi yaxınlığında Finlandiya Sərhəd Mühafizəsinə məxsus “Dornier 228-212” təyyarəsi patrul uçuşu həyata keçirərkən müşahidə olunub.
Xədicə BAXIŞLI













