"İranla müharibə təsir etdi, amma peşman deyiləm" - Uğursuzluğunun səbəbini AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının konqresə keçirilən ara seçkilərdəki uğursuzluğunda İranla yaşanan hərbi münaqişənin müəyyən rol oynadığını etiraf edib.
Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısı "The Wall Street Journal" qəzetinə verdiyi müsahibədə bildirib.
İrana zərbə endirmək qərarının seçki nəticələrinə təsirinə toxunan Tramp: "İran faktorunun bunda payı var idi. Lakin mən bu barədə düşünmürəm. Mən doğru olanı etdim və bunu yenidən edərdim", – deyə vurğulayıb.
Aparıcı ABŞ mediasının proqnozlarına görə, ara seçkilərin yekunlarına əsasən Demokratlar Konqresin hər iki palatasında (Nümayəndələr Palatası və Senat) nəzarəti respublikaçılardan geri almağa nail olurlar.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında tərəflər arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalansa da, Vaşinqton iyulun 8-də Tehranı Hörmüz boğazı üzrə şərtləri pozmaqda ittiham edərək zərbələri bərpa edib.
Qeyd edək ki, qlobal neft ticarətinin 25%-i və mayeləşdirilmiş təbii qazın (LNG) 20%-i məhz bu boğazdan nəql olunur.
Sonrakı mərhələdə Ağ Ev administrasiyası İrana qarşı birbaşa hərbi güc tətbiqini minimuma endirərək, əsas diqqəti iqtisadi sanksiyalar vasitəsilə təzyiqləri artırmağa yönəldib.
Aminə ŞAHSUVARQIZI













