"Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan yenidən saxlanıldı - YENİLƏNİB
Ermənistanın “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan yenidən saxlanılıb.
Redaktor.az xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Karapetyanı evinin arxa qapısından aparıblar.
Qeyd edək ki, noyabrın 4-də səhər saatlarından etibarən Samvel Karapetyanın və “Güclü Ermənistan” parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışlar aparılıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, iqtisadi cinayətlər və qaçaqmalçılıqla bağlı cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarış keçirilir.
***
Ermənistan İstintaq Komitəsinin müstəntiqləri "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın və eyniadlı parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evində axtarışlar aparırlar.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Axtarışlar həmçinin Karapetyanlarla əlaqəli digər ünvanlarda da aparılır.
Qeyd edək ki, Samvel Karapetyan 2026-cı il yanvarın 19-dan ev dustaqlığındadır. O, 2025-ci ilin iyununda hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə həbs olunub və ev dustaqlığı barədə qərara qədər Milli Təhlükəsizlik Xidmətinin cəzaçəkmə müəssisəsində saxlanılıb.
Ermənistan İstintaq Komitəsindən bildirilib ki, İqtisadi cinayətlərin və qaçaqmalçılığın istintaqı üzrə Baş İdarə tərəfindən araşdırılan cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarışlar aparılır.













