"Kosmik lazerlərim bu dəfə işləmədi" - Maskdan seçki nəticələrinə REAKSİYA
Amerikalı milyarder, "SpaceX" və "X" şirkətlərinin rəhbəri İlon Mask (Elon Musk) ABŞ-də keçirilən ara seçkilərdə Demokratlar Partiyasının gözlənilən qələbəsinə sarkastik zarafatla münasibət bildirib.
Redaktor.az xəbər verir ki, milyarder bu barədə özünə məxsus "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Görünür, seçkilərə müdaxilə etmək üçün istifadə etdiyim kosmik lazerlər bu dəfə işləmədi", – deyə Mask zarafatla qeyd edib.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Konqresə keçirilən səsvermənin yekunları ilə bağlı açıqlama verərək səsvermənin nəticələri ilə razılaşmağa və Senat ilə Nümayəndələr Palatasında üstünlüyü ələ keçirən Demokratlar Partiyası ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan etmişdi.
Qeyd edək ki, 3 noyabr seçkilərindən sonra medianın ilkin proqnozları Demokratların Nümayəndələr Palatasına nəzarəti Respublikaçılardan alacağını göstərir. "Bloomberg" agentliyi isə Demokratlar Partiyasının ABŞ Senatında da çoxluğu təmin etdiyini xəbər verib.
Öz növbəsində, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ-dəki ara seçkilərlə bağlı situasiyanı qiymətləndirərkən baş verənlərin Birləşmiş Ştatların tamamilə daxili işi olduğunu diqqətə çatdırmışdı.
Aminə ŞAHSUVARQIZI













