Macarıstanda 36 ildən sonra kommunist dövrünün arxivləri ictimaiyyətə açıldı

 22:08 04.11.2026     59

Macarıstan demokratik idarəetməyə keçiddən sonra ilk dəfə kommunist xüsusi xidmət orqanlarının arxivlərini geniş ictimaiyyətin istifadəsinə verib. Artıq hər kəs Dövlət Təhlükəsizliyi Orqanlarının Tarixi Arxivinin (ABTL) saytında məxfiliyi götürülmüş sənədləri müstəqil şəkildə araşdıra bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “HVG” agentliyi məlumat yayıb.

Macarıstanın Baş naziri Peter Macyar çərşənbə günü arxivdə keçirilən mətbuat konfransında bildirib ki, 36 ildən sonra ölkədə əvvəlki heç bir siyasi qüvvənin həyata keçirmədiyi addım atılıb.

Arxivlərin açılması Macyarın seçkiqabağı əsas vədlərindən biri olub. Onun sözlərinə görə, kommunist xüsusi xidmət orqanlarının agentura şəbəkələri ictimai həyatın bütün sahələrinə nüfuz edib.

Arxivdə dövlət təhlükəsizliyi orqanlarının əməkdaşlığa cəlb etməyə çalışdığı təxminən 55 min nəfər barədə məlumatlar saxlanılır. Onlardan təxminən 10 mininin hazırda sağ ola biləcəyi ehtimal edilir. Bununla belə, əməkdaşlığa cəlb olunan şəxslərin və xüsusi xidmət orqanlarının əməkdaşlarının şəxsi işlərinin gələn ilin fevralında açıqlanması planlaşdırılır.

Əvvəllər də tarixçilər, tədqiqatçılar, jurnalistlər və izlənilən şəxslər ayrı-ayrı sənədlərlə tanış olmaq üçün müraciət edə bilirdilər. Bundan başqa, bəzi tanınmış ictimai xadimlərin kommunist xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə məlumatlar artıq ictimaiyyətə açıqlanmışdı.

Əsas yenilik isə məxfiliyi götürülmüş sənədlərə internet istifadəçilərinin hamısının çıxış əldə etməsidir. Bu, insanların keçmiş həmkarları, dostları və hətta qohumları haqqında məlumat axtarmasına imkan verəcək.

Qeyd edək ki, Peter Macyar 2026-cı ilin mayından Macarıstan hökumətinə rəhbərlik edir. Onun sağ-mərkəzçi “Tisa” partiyası apreldə keçirilən parlament seçkilərində qalib gələrək Viktor Orbanın “Fides” partiyasının uzunmüddətli hakimiyyətinə son qoyub.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən