Ayı hücumundan sağ çıxan ovçunun üzü yenidən bərpa EDİLDİ
Rusiyanın Uzaq Şərq bölgəsində ayının hücumundan sağ çıxan ovçunun üzü Kubanda həyata keçirilən mürəkkəb əməliyyat nəticəsində yenidən formalaşdırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Krasnodar | Teletayp” məlumat yayıb.
Hadisə zamanı ovçu ovda olarkən ona yaxınlaşan ayını görüb. Heyvandan qaça bilməyən kişi onunla mübarizəyə girib. Nəticədə ayı ona ağır xəsarətlər yetirib, kəllə sümüklərini, üz skeletinin böyük hissəsini və üst çənəsinin əhəmiyyətli bir qismini dağıdıb.
Zərərçəkən üç ay reanimasiyada qalıb. Ağız boşluğunun bütövlüyü pozulduğundan müstəqil qidalana bilməyən kişiyə qastrostoma qoyulub. Daha sonra o, müalicəsini davam etdirmək üçün Krasnodar diyarına göndərilib.
Cərrah Aleksey Dikaryevin rəhbərlik etdiyi mütəxəssis qrupu bir il ərzində ovçunun üzünün bərpası ilə məşğul olub. Həkimlər incik sümüyündən götürülən toxuma transplantatı vasitəsilə üst çənənin bir hissəsini bərpa edib, həmçinin onun burnunu yenidən formalaşdırıblar. Nəticədə ağız boşluğunun bütövlüyü bərpa olunub və kişi qastrostomasız, müstəqil qidalanmağa başlayıb. Həmçinin çapıqların bir hissəsi korreksiya edilib.
Bütün bunlardan sonra ovçu yenidən aktiv həyata qayıdıb. O, artıq müstəqil nəfəs alır, qidalanır və hətta yenidən ova çıxır.
NURİYYƏ













