Ukraynadakı bütün elektrik stansiyaları hücumlardan zərər görüb - Zelenski
Ukraynadakı hər bir elektrik stansiyası müxtəlif dərəcədə hücumların təsirinə məruz qalıb. Ölkənin enerji sisteminə zərbələr Kiyevin qarşılaşdığı əsas problemlərdən biridir.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İbero-Amerika Sammitində çıxışı zamanı bildirib.
Zelenskinin sözlərinə görə, ölkənin enerji sisteminin bərpasını davam etdirmək üçün Ukraynaya mümkün qədər geniş beynəlxalq əməkdaşlıq və müxtəlif avadanlıqlar lazımdır. Bunlara transformatorlar, güc kabelləri və generatorlar daxildir.
Qeyd edək ki, bir gün əvvəl Ukrayna Prezidenti Kiyevdə su və elektrik enerjisinin saatlarla kəsilməsi səbəbindən vəziyyətin “xüsusilə çətin” olduğunu bildirib.
Şəhərin meri Vitali Kliçko da elektrik enerjisinin təcili qaydada kəsildiyini və nəqliyyatın fəaliyyətinin dayandığını açıqlayıb. Paytaxt sakinləri üçün istilik məntəqələri yaradılıb.
Ekspertlər hücumlar nəticəsində şəhərdəki bütün istilik elektrik mərkəzlərinin enerji istehsalını dayandırdığını bildirirlər. Bu səbəbdən elektrik enerjisinin kəsilməsi müddətinin 36 saata qədər uzana biləcəyi qeyd olunur.
Daha əvvəl bir ekspert Ukraynada elektrik enerjisinin sutkada 20 saatadək kəsilə biləcəyini proqnozlaşdırıb.
Xədicə BAXIŞLI













