Demokratlar Trampın fəaliyyətini araşdırmağa hazırlaşır - KİV

 23:00 05.11.2026     108

ABŞ-də Demokratlar Partiyasının nümayəndələri Donald Trampın prezidentliyi dövründəki fəaliyyətinin araşdırılmasına başlamağı planlaşdırırlar. Araşdırmalara “SpaceX” şirkətinin rəhbəri İlon Maskın və ABŞ prezidentinin ailə üzvlərinin də cəlb oluna biləcəyi bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi onlarla konqresmen, hüquqşünas və siyasi məsləhətçinin açıqlamalarına istinadən məlumat yayıb.

Məlumata görə, Demokratlar noyabrın 3-də keçirilən aralıq seçkilərdən sonra Trampa qarşı dərhal impiçment prosesinə başlamağa çağırıblar. Lakin onlar əvvəlcə araşdırmalar üçün hüquqi əsaslar toplamaq qərarına gəliblər.

Agentliyin məlumatında mümkün araşdırmalar çərçivəsində ABŞ prezidentinin oğullarının, İlon Maskın və Ağ Evin bir sıra əməkdaşlarının adları çəkilir.

ABŞ-nin Arnold & Porter hüquq şirkətinin Konqresin fəaliyyətinə nəzarət üzrə mütəxəssisi Reyçel Koton bildirib ki, həm prezident administrasiyasını, həm də özəl sektoru əhatə edən genişmiqyaslı araşdırmalar gözlənilir.

Qeyd edək ki, aralıq seçkilərin ilkin nəticələrinə əsasən, Demokratlar Partiyası Konqresin hər iki palatasına nəzarəti ələ keçirir. ABŞ mediası Senatda demokratların üstünlük qazandığını, Nümayəndələr Palatasında da çoxluğun bu partiyaya keçdiyini açıqlayıb.

Məlumata görə, müxalifət ənənəvi olaraq Respublikaçıların üstünlük təşkil etdiyi Texas, Kanzas və Cənubi Karolina ştatlarında da gözlənilməz qələbələr əldə edib. Tramp səsvermənin nəticələrini tanısa da, Respublikaçılar Partiyasının məğlubiyyətinə görə məsuliyyəti üzərinə götürməyib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən