“Qiyamət günü radiostansiyası” efirə növbəti sözü ÖTÜRDÜ
Rusiyada “Qiyamət günü radiostansiyası” kimi tanınan UVB-76 növbəti dəfə efirə çıxaraq “vattofail” sözündən ibarət mesaj yayımlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə radiostansiyanın fəaliyyətini izləyən “UVB-76 efir” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, söz Moskva vaxtı ilə saat 20:04-də səsləndirilib. Mesajda “NJTİ 17521 VATTOFAIL 5059 6881” ifadəsi yer alıb.
Qeyd olunur ki, radiostansiya noyabrın 5-də bundan əvvəl də üç dəfə efirə çıxıb. Həmin mesajlarda “podpuxlıy”, “milya” və “brontozavr” sözləri səsləndirilib.
Noyabrın 2-də isə “Qiyamət günü radiostansiyası” rəqəm və hərflərdən ibarət şifrəli mesaj yayımlayıb. Mesajın ortasında “Duce” sözü yer alıb.
UVB-76 radiostansiyası 1970-ci illərin ortalarından fəaliyyət göstərir. Efir vaxtının böyük hissəsində fasiləsiz vızıltı səsi yayımlandığı üçün ona “Vızıltı” ləqəbi verilib.
Bəzi məlumatlara görə, radiostansiya Soyuq müharibə dövründə SSRİ-də yaradılmış nüvə çəkindirmə sisteminin bir hissəsi olub və hazırda da Rusiya tərəfindən istifadə edilir. Bununla belə, onun dəqiq təyinatı rəsmi şəkildə təsdiqlənməyib.
Xədicə BAXIŞLI













