Lotereya şirkətinin əməkdaşları qohumlarına 24 milyon avroluq bilet VERDİLƏR
İtaliyada lotereya şirkətinin beş keçmiş əməkdaşının 24 milyon avroluq dələduzluq etdiyi aşkarlanıb.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, şübhəlilər lotereya sisteminə əvvəlcədən daxil olaraq böyük məbləğdə uduş gətirəcək biletlərin nömrələrini öyrəniblər. Daha sonra həmin biletləri almaq üçün qohumlarını və tanışlarını satış məntəqələrinə göndəriblər.
İstintaqın məlumatına görə, şübhəlilər Roma Maliyyə Polisi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib. Onlar lotereya operatorunun kompüter sistemlərinə xidməti hesablar vasitəsilə daxil olmaq imkanına malik olublar. Bu yolla hələ satışa çıxarılmamış uduşlu biletləri və onların hansı satış məntəqələrinə göndəriləcəyini müəyyənləşdiriblər.
Araşdırma çərçivəsində ümumilikdə dörd belə hal aşkarlanıb. İki biletin hər biri 7 milyon, digər iki biletin hər biri isə 5 milyon avro qazandırıb.
İş üzrə şübhəli bilinən şəxslər hazırda Brightstar adlanan Lottomatica Holding şirkətinin keçmiş əməkdaşlarıdır. Bildirilir ki, şirkətin özünün dələduzluqda iştirakına dair iddia irəli sürülməyib.
Latsio regionunun Hesablama Palatasının qərarı ilə şübhəlilərin ümumi dəyəri 25 milyon avrodan çox olan əmlak və maliyyə aktivlərinə həbs qoyulub. Məhdudiyyətlər İtaliyanın müxtəlif əyalətlərində yerləşən 25 daşınmaz əmlak obyektinə, beş avtomobilə, motosikletlərə və pul vəsaitlərinə şamil edilib.
İstintaq hesab edir ki, bu əməllər uduşların təsadüfi bölüşdürülməsi prinsipini pozmaqla dövlətə zərər vurmuş ola bilər. İş üzrə yekun qərar hələ verilməyib. Təqsirləndirilən şəxslərin məsuliyyətini və həbs qoyulmuş əmlakın sonrakı taleyini məhkəmə müəyyən edəcək.
NURİYYƏ













