Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrupları yaratdı

 09:00 07.11.2026     34

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsinin ("Tramp marşrutu") həyata keçirilməsi istiqamətində üçtərəfli texniki planlaşdırma qruplarının yaradılması barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc olunan üçtərəfli bəyanatda bildirilib.

Bəyanata əsasən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan və Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin irəlilədilməsi məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının yaradıldığını elan ediblər.

Çoxnövlü tranzit marşrutu dövlət qurumlarının nümayəndələri və üç ölkənin texniki ekspertlərinin birgə fəaliyyəti çərçivəsində müzakirə olunacaq.

Təşəbbüsün məqsədi uzunmüddətli sabitliyə, iqtisadi inkişafa, regional əlaqəliliyə və kommersiya rifahına töhfə verməkdir. Layihə, həmçinin ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də əldə edilmiş Sülh Sammiti Bəyannaməsinin müddəalarının möhkəmləndirilməsinə xidmət edir.

Bəyanatda qeyd olunub ki, tərəflər nəqliyyat və elektrik enerjisinin ötürülməsi məsələləri ilə məşğul olacaq ilk iki üçtərəfli planlaşdırma qrupunun yaradılması barədə razılığa gəliblər.

Bu qrupların fəaliyyəti mürəkkəb texniki məsələlərin həlli və layihənin növbəti mərhələlərinə keçid, o cümlədən onun digər regional infrastrukturlarla əlaqələndirilməsi baxımından mühüm addım olacaq.

İştirakçılar TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan bütün mexanizmlərin mümkün qədər tez işə salınmasına sadiq olduqlarını təsdiqləyiblər.

Vumart və Güvən reklamı Vumart Güvən