Ər-Riyadda neft şirkətinin binasına raket qəlpələri DÜŞDÜ
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “Saudi Aramco” neft şirkətinə məxsus inzibati binaya raket qəlpələri düşüb.
Redaktor.az CNN-ə istinadən xəbər verir ki, hadisə şəhərin Kral Abdullah Maliyyə Mərkəzində baş verib.
Binanın yuxarı mərtəbələrinə ziyan dəyib. Səudiyyə Ərəbistanının Energetika Nazirliyi binanın hücum cəhdi zamanı yerə düşən qəlpələr nəticəsində zədələndiyini açıqlayıb. Nazirliyin məlumatına görə, binaya cüzi ziyan dəyib, ölən və xəsarət alan olmayıb.
Hadisədən əvvəl Ər-Riyadda güclü partlayış səsləri eşidilib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin paytaxt istiqamətində buraxdığı iki ballistik raketin vurulduğunu bildirib.
Koalisiya daha sonra Ər-Riyad və ölkənin cənub bölgəsi istiqamətində atılan iki qanadlı raketin də məhv edildiyini açıqlayıb.













