Kuba ABŞ-nin mümkün hərbi əməliyyatına qarşı əhalini müdafiəyə hazırlayır

 11:04 09.11.2026     34

Kuba ABŞ-nin mümkün hərbi əməliyyatları ilə bağlı təhlükəni çox ciddi qəbul edir və ölkə əhalisini müdafiəyə hazırlamaq üçün mütəmadi tədbirlər reallaşdırır.

Redaktor.az xəbər verir ki, bunu Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Qusman bildirib.

“Biz bu təhlükəyə çox ciddi yanaşırıq. Məsələn, Kubada hər cümə gününü müdafiəyə həsr edirik. Bu, bütün xalqı suverenliyimizi, müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumağa hazırlamaq məqsədi daşıyır. Hərbi əməliyyat da daxil olmaqla, istənilən ssenariyə hazır olmalıyıq”, – diplomat qeyd edib.

Qusmanın sözlərinə görə, Kuba rəhbərliyi ABŞ-nin yüksək vəzifəli rəsmilərinin adaya qarşı güc tətbiqinin mümkünlüyü barədə açıq bəyanatlarını nəzərə alır.

Diplomat bildirib ki, Havana təhdidləri qiymətləndirərkən Vaşinqtonun son illərdə beynəlxalq arenadakı addımlarını da diqqətdə saxlayır.

Kubanın BMT-dəki daimi nümayəndəsi iki ölkənin hərbi imkanlarının müqayisə olunmaz olduğunu bildirib. Onun sözlərinə görə, bu səbəbdən Kuba dövlətin müdafiəsi üçün öz əhalisinin hazırlığına arxalanmağa məcburdur.

Bununla yanaşı, diplomat qarşıdurmanın Havananın məqsədi olmadığını vurğulayıb. O qeyd edib ki, mövcud siyasi fikir ayrılıqlarına baxmayaraq, Kuba hakimiyyəti ilk növbədə ABŞ ilə münasibətlərin normallaşdırılmasında və qarşılıqlı hörmət əsasında dialoqun inkişafında maraqlıdır.

Vumart və Güvən reklamı Vumart Güvən