Zelenski danışıqlarla bağlı açıqlama verdi

 20:12 10.11.2026     22

Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə keçirilən üçtərəfli danışıqların ilk gününün nəticələrini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Zelenski bu gün danışıqlar qrupunun məruzəsini dinləyib. Əbu-Dabidə görüşlərin ilk günündə əvvəlcə Avropa və ABŞ tərəfdaşları ilə müzakirələr aparılıb, daha sonra isə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib.

O, Ukraynaya dəstək göstərən bütün tərəfdaşlara təşəkkür edib.

Zelenskinin sözlərinə görə, üçtərəfli görüş konstruktiv və kifayət qədər məzmunlu olub. Görüşdə humanitar addımların zəruriliyi və mümkün parametrləri müzakirə edilib. Hərbi əsirlərin azad edilməsi isə prioritet məsələ kimi müəyyənləşdirilib.

Ukrayna lideri təhlükəsizlik təminatlarının məzmunu və onların uzunmüddətli fəaliyyətinin əsasları barədə ətraflı danışıldığını qeyd edib. Onun sözlərinə görə, müharibənin yenidən başlamasının qarşısını almağa imkan verəcək real mexanizmlər yaradılmalıdır.

Bundan başqa, gərginliyin azaldılması istiqamətində atılmalı olan addımlar da müzakirə olunub.

Zelenski bildirib ki, nümayəndə heyətinə həm sabah üçtərəfli formatda davam edəcək dialoq, həm də sonrakı günlərdə ABŞ Prezidenti və Avropa nümayəndələri ilə aparılacaq danışıqlar üçün konkret tapşırıqlar verib.

“Əsas məqsəd həqiqətən sülhə yaxınlaşmaqdır. Ukrayna tərəfindən yalnız məhsuldar, keyfiyyətli və dürüst iş aparılacaq”, – deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidenti danışıqların təşkilinə görə ABŞ tərəfinə, etibarlı danışıqlar platforması təqdim etdiyinə görə isə Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib.

O, bu barədə Telegram kanalında paylaşım edib.

Vumart və Güvən reklamı Vumart Güvən